Gürcüstan: “Rus qanunu” Avropa arzusuna qarşı | Şərh

      Gürcüstan:    “Rus qanunu” Avropa arzusuna qarşı    | Şərh
  21 Aprel 2024    Oxunub:1919
Aprelin 17-də Gürcüstan parlamenti birinci oxunuşda “Xarici təsirin şəffaflığı” adlı qanun layihəsini qəbul etdi. Rusiyadakı anoloji sənədi xatırlatdığı üçün sadə dildə ona hamı “İnoagent qanunu” deyir. Sənədin müzakirəsi zamanı Gürcüstan parlamentində düşən dava tezliklə küçələrə çıxdı və özünü kütləvi etirazlar şəkildə göstərməyə başladı. Həftə boyu Tbilisidə etiraz aksiyaları səngiməyib və belə görünür ki, hələ davam edəcək.
Müxalifət nəyin bahasına olursa-olsun, layihənin ikinci və üçüncü oxunuşlarda təsdiqlənməsinə imkan verməmək istəyir. Prezident Salome Zurabişvili də onların tərəfindədir. O da sənədi müxalifət liderləri kimi, “rus qanunu” adlandırır. Ümumiyyətlə, qanuna qarşı çıxan hər kəs onu dəstəkləyənləri “Rusiyaya işləməkdə”, “Rusiyanın adamı olmaqda” ittiham edirlər. Onların fikrincə, bu qanun Moskvanın diqtəsilə hazırlanıb.


Layihənin məğzi budur ki, maliyyəsinin 20%-dən çoxu xaricdən gələn təşkilatlar xüsusi reyesterə daxil edilməlidirlər. Bu, xarici dövlətlərin müxtəlif partiyalar, QHT-lər və media orqanları vasitəsilə ölkədəki proseslərə müdaxilə imkanlarını azaltmağa xidmət etməlidir. Əslində tamamilə normaldır və ABŞ və Fransadakına anoloji qanunlara daha çox bənzəyir. Hakim partiya da elə bunu deyir, amma onu dinləyən yoxdur.


Qərbdə də açıq şəkildə bildirirlər ki, bu qanundan rus iyi gəlir və onun qəbulu Gürcüstanın Avropa Birliyinə inteqrasiyasını əngəlləyə bilər. Amma hakimiyyət geri çəkilmək istəmir. “Gürcü arzusu” partiyasının parlamentdəki say çoxluğunu nəzərə alsaq, prezidentin vetosu da ona mane ola bilməyəcək.


İlk baxışdan belə görünür ki, “Gürcü arzusu” gürcülərin arzusunu bir qanuna qurban verməkdə israrlıdır. Diqqətlə baxanda isə, Gürcüstanda da Avropa ilə Rusiyanın qarşıdurmasının gücləndiyini görürük. Doğrudan da, qanunun altında gizlənməklə çox işlər görmək mümkündür.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti